Xoşbəxtlik hormonları haqqında bilmədiklərimiz

xoşbəxtlik hormonları

Xoşbəxtlik hormonları olan endorfin, serotonin, melatonin və s. insanın rahat, ağrısız və xoşbəxt yaşayışını təmin edir.

Xoşbəxtlik hormonu olan endorfin təsir gücünə görə morfindən 30 qat üstündür. Əgər bu hormonlar olmasa idi, biz ağrının gücündən yerimizdən tərpənə bilməzdik.

Xoşbəxtlik hormonlarının miqdarı bəzi qidalar və idman vasitəsilə artırıla bilir, məsələn, çiyələk, banan, dondurma, ədviyyatlar, acı bibər, zəncəfil, pendir, sarıkök, bibəriyyə,  şokolad yedikdə xoşbəxtlik hormonlarının istehsalı çoxalır.

Bundan başqa açıq havada gəzmək, qaçmaq, velosiped sürmək, xizək sürmək kimi idman növləri də xoşbəxtlik hormonlarının miqdarını artırır.

Bura qədər hər şey aydındır. Amma aydın olmayan başqa məsələ də var. Məsələn, daima ətrafındakıları aldadan, yalan danışan və bunun nə vaxtsa üzə çıxacağından qorxanlarda, xalqın malını ağına-bozuna, halalına-haramına baxmadan yeyən və bunun nə vaxtsa hamı tərəfindən bilinməsini istəməyənlərdə xoşbəxtlik hormonları istehsal olunurmu?

Mən deyərdim ki, xeyr. Çünki belə insanlar xoşbəxtliyi daxildən yox, xaricdən almaq məcburiyyətində olur, ona görə belə insanlar alkoqol, narkotik vasitələrin qəbulu ilə xoşbəxt olmağa çalışırlar.

Tədqiqatçılar belə bir təcrübə aparıb, başqalarına sidqi-ürəkdən yardım edənlərin orqanizmində sintez olunan xoşbəxtlik hormonlarının miqdarını qida və idmanın təsiri ilə istehsal olunan hormonların miqdarı ilə müqayisə ediblər. Məlum olub ki, yaxşılıq edənlərin qanında xoşbəxtlik hormonu 11 dəfə çox artıb.

Budur əsl həyat, əsl insanlıq. Belə insanlar Allahın bütün yaratdıqlarından üstündür və həmişə xoşbəxtdirlər.

Belə insanlara faciə baş verəndə bu Allahdandır deyir və səbr edir, sevindirici bir xəbər alanda Allaha həmd edib hər iki dünyada xoşbəxt  yaşayırlar.

Sevgililər günündə, 8 martda çox cavanların əllərində gül dəstələri görürəm. Əziz dostlarım, belə günləri qeyd etmək istəyirsinizsə, ailəlikcə həmin gül dəstəsinə çəkdiyiniz xərci ehtiyac içində olan birinə ürəkdən yardım üçün sərf edin və çalışın bu işdən zövq alasınız. Birlikdə etdiyiniz yaxşılıq ailə üzvlərinizi bir-birinizə o qədər bağlayacaq ki, sizi yalnız ölüm ayıra biləcək.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.